Bu
gün Azərbaycan Demokratik Cumhuriyyətinin banisi Məmməd Əmin
Rəsulzadənin doğum günüdür. Tanınmış ictimai-siyasi xadim, Şərqdə ilk
demokratik respublikanın qurucusu olan Məmməd Əmin Rəsulazadə, 1884-cü
il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub
Bu
gün Azərbaycan tarixinin qızıl səhifələrindən birini yazmış görkəmli
dövlət xadimi Məmməd Əmin Rəsulzadənin doğum günündən 125 il ötür.
Tanınmış
ictimai-siyasi xadim, Şərqdə ilk demokratik respublikanın banisi Məmməd
Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində
anadan olub. O, ilk təhsilini rus-müsəlman məktəbində, sonra isə Bakı
texniki məktəbində alıb. Böyük vətənpərvərin "Müxəmməs" adlı ilk ədəbi
əsəri 1903-cü ildə "Şərqi-rus" qəzetində dərc olunub. Məmməd Əmin
Rəsulzadənin ilk imzası ədəbi əsərin sonunda olsa da, sonralar o, daha
çox siyasi çəkili yazıları ilə tanınmağa başlayır və bir müddət sonra
siyasi fəaliyyətini genişləndirən dövlət xadimi "Hümmət"
sosial-demokrat təşkilatının yaradıcılarından birinə çevrilir. 1902-ci
ildə 18 yaşlı Məmməd Əmin Rəsulzadə ilk siyasi təşkilatı "Müsəlman
gənclik təşkilatını" qurur. Siyasi fəaliyyətinə görə, o, 24 yaşında
vətəndən ayrılmaq məcburiyyətində qalır, İrana gedərək o zaman başlayan
Səttarxan hərəkatında fəal iştirak edir.
"Bu adam 25 yaşında Tehrana gedir farslar üçün Avropa səviyyəsində 4
səhifəlik qəzet çap etdirir. Burada baş redaktor kimi çalışır. Bu dövr
ərzində 30 məqalə çap etdirir. 125 başlıqlı məqaləsi nəşr olunur baş
redaktor kimi", – deyə professor Şirməmməd Hüseynov bildirib.
Sonra isə yolu Türkiyədən keçir. 1913-cü ildə Romanovlar sülaləsinin
300 illiyilə bağlı olaraq, hökumət mühacirləri bağışlayır. Məmməd Əmin
Rəsulzadə beş illik ayrılıqdan sonra vətənə qayıdır və 1911-ci ildə
yaradılmış "Müsavat" partiyasının 1917-ci ilin oktyabrında Bakıda
keçirilən birinci qurultayında sədr seçilir. Böyük dövlət xadimi bu
illərdə də xalqının və millətinin taleyindən narhatlıq duyulan
əsərlərini yazmaqda davam edir. Onun şah əsəri isə 1918-cü il mayın
28-də Fətəli Xan Xoyski ilə birgə qurduğu Azərbaycan Demokratik
Respublikası olur.
"O kəslər ki, dövlət yaradıb, o kəslər ki, dövlətin yaranmasına
başçılıq edib bünlar müqəddəs insanlardır. Dünyada 3700-dən artıq xalq
var. Onların cəmi 200-ü dövlət kimi formalaşıb. Təsəvvür edin,
Hindistanda 80 milyonlaq xalq var, dövləti yoxdur. Xalq cumhuriyyəti
yarananda isə Azərbaycanın 1 milyon 800 min əhalisi var idi. Bundan
böyük fədakarlıq ola bilərmi?”,- deyə professor Şirməmməd Hüseynov
əlavə edib.
Qısa ömür sürən bu dövlət 1920-ci ilin aprelində sovet qoşunlarının
müdaxiləsi ilə süqut edir. Elə həmin il Rəsulzadə qırmızı ordunun
əsgərləri tərfindən Ləhic kəndində həbs olunur. 1922-ci ildə isə
Rəsulzadə SSRİ sərhədlərini həmişəlik tərk edir. Məmməd Əmin
Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə deyir ki, babası həyatının sonunadək
Azərbaycan üçün çalışıb.
"Mövcüd Azərbaycan respublikasının yaranması Məmməd Əmin Rəsulzadənin
uzun sürən mübarizəsinin nəticəsi olub. Fəövqəladə şəxsiyyət olan
Məmməd Əmin Rəsulzadə nəinki Azərbaycan, Şərq, eləcə də Qərbdə demokrat
və siyasi xadim kimi tanınıb. Məmməd Əminin ən böyük qayəsi
Azərbaycanın istiqlalı olub",– deyə M.Ə. Rəsulzadənin nəvəsi Rəis
Rəsulzadə bildirib.
Məmməd Əmin Rəsulzadənin cümhuriyyətin süqutundan sonra dediyi, şüara
çevrilən bu sözləri də onun Azərbaycanın yenidən müstəqillik
qazanacağına inamını əks etdirir: "Azərbaycanın bu qədər fəlakətlər
nəticəsində ələdə etdiyi qazanc varsa, o da istiqlal fikrinin
rüsüxüdür. İndi istiqlal və hakimiyyəti milliyyə sevdası ilə yaşayan
bir Azərbaycan gəncliyi vardır ki, "Çeka"nın amansız edamlarına rəğmən
gecə-gündüz çalışır, ilk fürsət və imkan gözləyir. Bu fürsət gəlincə, o
meydana çıxacaq və o zaman yanıq könüldə atəşin cizgilərlə mənən nəqş
olunan bayrağı maddətən yüksəldərək deyəcəkdir- Bir kərə yüksələn
bayraq bir daha enməz!".
Ömrünün qalan hissəsini Paris və Berlində keçirən dövlət xadimi Məmməd
Əmin Rəsulzadə 1955-ci ildə Ankarada, 71 yaşında uzun sürən şəkər
xəstəliyindən vəfat edir. Məmməd Əmin Rəsulzadə Türkiyənin Ankara
şəhərində Əsri qəbristanlığında dəfn edilib.