Polşa siyasi elitasında faciə!
Polşa prezidenti Lex Kaçinski və həyat
yoldaşının olduğu Tu-154 tipli təyyarə Rusiyanın Şimali Smolensk hərbi
aerodromunda qəzaya uğrayıb. Rusiya mətbuatının məlumatına görə,
insident təyyarə yerə eniş edən zaman baş verib. Rusiya Fövqəladə Hallar
Nazirliyinin məlumatına görə, hadisə nəticəsində 87 nəfər həlak olub və
hazırda qəza yerində xilasedicilər işləyir. "Moskva vaxtı ilə saat
10:56-da Varşavadan Smolenskə uçan Tu-154 təyyarəsi aeroporta eniş
edərkən qəzaya uğrayıb. İlkin məlumatlara görə, hadisə nəticəsində 87
nəfər həlak olub", - deyə Rusiya Fövqəladə Hallar Nazirliyinin
ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İrina Andrianova məlumat verib. Polşa
Xarici İşlər Nazirliyinin məlumatına görə, prezident Lex Kaçinski və
onun həyat yoldaşının taleyi naməlumdur. İTAR-TASS isə qəzanın güclü
duman səbəbindən baş verdiyi barədə məlumat yayıb. Rusiya
Federasiyası Prokurorluğu yanında İstintaq Komitəsinin rəsmi nümayəndəsi
Vladimir Markinin verdiyi məlumata görə, bu gün qəzaya uğrayan və Polşa
prezidenti Lex Kaçinskinin də içərisində olduğu təyyarədə 132 sərnişin
olub. "Hazırda ilkin istintaq tədbirləri aparılır. Ölənlər barədə
məlumat dəqiqləşdirilir", - deyə o əlavə edib. Xatırladaq ki, Polşa
prezidenti Lex Kaçinski totalitar repressiya qurbanlarının dəfn olunduğu
Rusiyada ilk beynəlxalq memorial kompleksin yerləşdiyi Katın
qəbristanlığını ziyarət etməyi planlaşdırırmış. Bu barədə dünən vilayət
administrasiyasından məlumat verilib. Katında baş verən faciəvi
hadisələrin 70 illiyinə həsr olunmuş tədbirlərdə Polşanın "Katınskie
semi" İсtimai Təşkilatının təqribən min nümayəndəsinin iştirakı nəzərdə
tutulurdu. Memorial Katın meşəsində vilayət mərkəzindən 18 kilometr
qərbə yerləşir. Kremlin mətbuat xidmətindən verilən məlumata görə,
Rusiya prezidenti Dmitri Medvedevin göstərişi ilə fövqəladə hallar
naziri Sergey Şoyqu hadisə yerinə yollanıb. "Vesti-24” telekanalının
verdiyi xəbərə görə isə, Medvedev aviaqəzanın araşdırılması üçün baş
nazir Vladimir Putinin rəhbərliyi altında komissiya yaradıb. Rusiya
Fövqəladə Hallar Nazirliyindən "RİA Novosti”yə verilən məlumata görə,
təyyarə qəzası nəticəsində göyərtədə olanların hamısı həlak olub.
Təyyardə olanların hamısının ölməsi xəbərini Mərkəzi Federal Dairənin
güc strukturlarında çalışan yüksək vəzifəli mənbə də təsdiq edib. Onun
sözlərinə görə, təyyarə Moskva vaxtı ilə 10:50-də hava limanının
uçuş-eniş xəttindən 500 metr kənarda yerə düşüb. Qeyd edək ki, qəzaya
uğramış təyyarədə Polşa prezidenti və xanımı ilə yanaşı, ölkənin sabiq
prezidenti Rışard Kaçorovski, Milli Yaddaş İnstitutunun prezidenti Yanuş
Kurtıka, Polşa ordusunun pravoslav yepiskopu və briqada generalı Miron
Çodavski, general Tadeuş Ploski, Milli Bankın rəhbəri Slavomir Skşipek,
sabiq müdafiə naziri və Polşa prezidentliyinə keçmiş namizəd Yeji
Şmaydzinski, Prezident Katibliyinin rəhbəri Vladislav Stasyak, Baş
Qərargah rəisi Frantişek Qonqor da olub. Allah Rəhmət Eləsin!!! AMİN!!!
Mənbəə: QayNar İnfo
|