Unibank Premyer Liqasının 23-cü turunda da qapısını toxunulmaz saxlayan "Qarabağ" mövsümün özünə aid olan rekordunu yeniləyib.
Qol.Az-ən məlumatına görə, Ağdam klubu ardıcıl 9-cu çempionat oyunundan da qapısından qol buraxmayıb.
"Xəzər Lənkəran"ı 1:0 hesabı ilə məğlub edən "Qarabağ”ın qapıçısı Boyan Pavloviç bununla da quru seriyasını 812 dəqiqəyə çatdırıb. O, sonuncu dəfə 2011-ci il noyabrın 26-da XIV turun "Neftçi”ylə görüşündə (1:2) qapısında qol görüb.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən tərtib olunan və dünyanın milli çempionatlardakı ən uzun quru seriyaları özündə əks etdirən siyahıya düşmək üçün lazım olan 660 dəqiqəlik normativi ödəyən serbiyalı legioner Azərbaycan çempionatları tarixinin 7-ci göstəricisinə imza atıb. O, 6 pillə irəliləyib. "Qarabağ” tarixinin 2-ci nəticəsinin müəllifi indi bu siyahıda daha da irəliləməyə çalışacaq.
Qeyd edək ki, Pavloviçin nailiyyətinin İFFHS tərəfindən rəsmən tanınması üçün seriyanın qırılması zəruridir. Yalnız onun dəqiq göstəricisi müəyyənləşdikdən sonra qurumun Azərbaycan nümayəndəsi tərəfindən federasiya məlumatlandırılacaq və həmin vaxtdan sonra açıqlanacaq siyahıda Pavloviçin də adı olacaq.
Azərbaycan çempionatının ən uzun quru seriyaları
1. Nizami Sadıqov ("Turan”) – 1106 dəqiqə
2. Xalidu Sissoko (Seneqal, "Bakı”) – 985
3. Xalidu Sissoko (Seneqal, "Bakı”) – 971
4. Camaləddin Əliyev ("Qarabağ”) – 958
5. Pavel Doroşev (Latviya, "Qəbələ”) – 952
6. Elxan Həsənov ("Neftçi”) – 943
7. Boyan Pavloviç (Serbiya, "Qarabağ”) - 812
8.Dmitri Kramarenko ("Karvan”) – 798
8. Dmitri Kramarenko ("Neftçi”) – 772
9. Rauf Mehdiyev ("Olimpik”) – 746
10. Elşən Poladov ("Bakı”) – 744
11. Nadir Şükürov ("Dinamo”) – 741
12. Aleksandr Martyoşkin (Belarus, "Xəzər Lənkəran”) – 735
13. Kamran Ağayev ("Xəzər Lənkəran”) – 720
14. Camaləddin Əliyev ("Qarabağ”) – 700
15. Rauf Mehdiyev ("Olimpik”) – 676