Murtuza Məşədi Rza oğlu Məmmədov (Bülbül - adı qeyri-adi dərəcədə gözəl səsinə görə verilmişdir) - (22 İyun 1897, Xanbağı (Şuşa) - 26 Sentyabr 1961, Bakı) - Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı.
Murtuza Məmmədov 22 İyun 1897-ci ildə Şuşa yaxınlığında, Xanbağı adlana yerdə anadan olmuşdur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır.
Bülbül 1920-ci ildən Azərbaycan Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm", Z.Hacıbəyovun "Aşıq Qərib" operasında İbn Salam, Kərəm, Qərib rollarını oynamışdır.
1927-ci ildə Bakı Konservatoriyasını bitirmişdir. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə getmişdir. 1931-ci ildə Milan Konservatoriyasını (Delliponti və R. Qraninin sinifini) bitirib vətənə geri dönür və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayır.
1932-ci ildə Bülbülün təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən elmi-tədqiqat kabineti yaradılmışdır. 1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi ilə Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutu məşğul olmağa başlamışdır.
1938-ci ildə SSRİ Xalq artisti adına layiq görülmüşdür.
1940-cı ildə professor seçilmişdir.
1950-ci ildə SSRİ Dövlət mükafatı laureatı.
Hal-hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır, onun adına Konservatoriyanın nəzdində musiqi məktəbi fəaliyyət göstərir.
Onun oğlu-Polad Bülbüloğlu bir müddət bəstəkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.
Bülbül Azərbaycan SSRİ Ai Sovetinin deputatı olmuşdur. O, 2 dəfə Lenin ordeninə, 2 Qırmızı Əmək Bayrağı ordeninə, "Şərəf nişanı" ordeninə, İtaliyanın Qaribaldi ordeninə və medallara layiq görülmüşdür.
|