Şəhidlər Xiyabanında yerləşən türk məscidi bir neçə aydır bağlanıb. Məscidin bağlanmasından az sonra Türkiyə səfirliyinin Dəyanət İşləri Müşavirliyi onun açılmayacağı barədə açıqlama yaydı. Rəsmi açıqlamaya görə, məscid təmir işləri ilə əlaqədar bağlanıb. Bunun ardınca isə Türkiyə ilə Azərbaycan arasında bayraq böhranı yaşandı. Bundan sonra vəziyyətin necə olacağı ətrafında müxtəlif fikirlər dolaşdı. Mehdiabaddakı türk məscidinin müəmmalı şəkildə bağlanması, bir neçə gündən sonra isə açılması bu xəmirin hələ çox su aparacağını göstərdi.
Millət vəkili Pənah Hüseyn türk camesinin söküləcəyi ilə bağlı qeyri-rəsmi səviyyədə fikirlərin səsləndirildiyini bildirir. Onun sözlərinə görə, bu məscidlə bağlı məsələ bir neçə dəfə müzakirə olunub: “Prinsipcə, məscidin sökülməsi istiqamətindəki düşüncələr hakimiyyətin gündəmindən çıxmayıb. Bu, dəqiqdir. Bu təhlükə olsa da indiyədək rəsmi mövqe ifadə olunmayıb”.