Türk şəhidliyində Azərbaycanın və Türkiyənin bayrağı qaldırıldı
Oktyabrın 27-də Şəhidlər Xiyabanındakı türk şəhidliyində Azərbaycanın və Türkiyənin bayrağı qaldırıldı. «Azərbaycan Atatürkçü Düşüncə Dərnəyi» burada toplantı keçirərək bəyanat yaydı. Bəyanatda bildirilir ki, son zamanlar Azərbaycan və Türkiyə üzüntülü günlər yaşayır. İmperialist qüvvələr Türkiyə ilə Azərbaycan arasında nifaq salmaq, xalqların dostluğunu pozmaq pozmaq istəyirlər.
Bunu türk birliyinə təcavüz kimi qiymətləndirən «Azərbaycan Atatürkçü Düşüncə Dərnəyi» Türkiyə əsgərlərinin Azərbaycanın müstəqilliyi uğrunda verdiyi şəhidlərin, eləcə də Azərbaycan türklərinin Türkiyənin imperialist dövlətlərə qarşı apardığı mücadilədə verdiyi şəhidlərin ruhuna sevgilərini çatdırdıqlarını açıqladılar: «Burada uyuyan şəhidlərin üzərindən bayraqların endirilməsi eyni məqsəd üçün canını fəda etmiş Qarabağ şəhidlərinin də ruhuna sayğısızlıqdır».
Bəyanatın sonunda qeyd olunur ki, «Azərbaycan Atatürkçü Düşüncə Dərnəyi» Türkiyə xalqının strateji maraqlarını və mövqelərini Azərbaycanda hər zaman qoruyacaq.
1918-ci ilin sentyabrında Bakının azad olunması zamanı həlak olan türk əsgərlərinin şərəfinə ucaldılan abidədən türk bayraqları oktyabrın 15-də yığışdırılıb. Hakimiyyət abidədən Türkiyə bayraqlarının yığışdırılmasını belə izah edir ki, qanunvericilik xarici dövlətlərin bayraqlarının yalnız diplomatik missiyada asılmasına icazə verir. // Azadlıq radiosu